POLŞALI AZƏRİ GƏLİNİ VANDA RƏSULZADƏ
Polşa. Bütün dünya üçün aktual məkana çevrilən ərazi. Təəssüf, bu diyar tükürpədici dəhşəti ilə gündəmə gəldi. Adam bu barədə nəinki yazmaq, heç düşünmək belə istəmir. Bunun bir adı var - dəhşət.
Yenə Polşadan danışırıq. Amma daha işıqlı mövzudan. Hansı ki Azərbaycanla, bu xalqın yaratdığı ilk cümhuriyyətlə birbaşa əlaqəsi olan bir insanı tanıdırıq. Özü də böyük nəsilə aid, başqa bir cümhuriyyət yaradıcısının ailəsinə mənsub bir xanımı.
Bu materialları bizə təqdim edən doktor Fərhad Tərlanova minnətdarlığımızı bildiririk. Onun sayəsində tarixin qaranlıq məqamlarına azacıq da olsa aydınlıq gətirmiş olduq. Və sevinirik ki, bu dəyərli məlumatlar ilk dəfə olaraq "Ədalət" qəzetində dərc olunur.
Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona "madam" deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimzə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Zatən, özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili qocası "Leyli və Məcnun" əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Qocası, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cümhur başkanı Məmməd Əmin Rəsulzadə.
Leyla xanımı anlatmaq üçün ilk öncə Məmməd Əmin Rəsulzadədən, Leyla xanımın deməyi ilə Emin bəydən söz etmək gərəkəcək. Leyla xanımla tanışlığımızdan ölümünə qədər keçən bir neçə il ərzində söhbətlərimizdə Emin bəy tez-tez mövzu olurdu. O sıralar Emin bəy haqqında heç bir şey eşitməmişdim. İllər sonra Sovetlər Birliyi yıxılıb Azərbaycan Cümhuriyyəti yenidən qurulduğunda adı yenidən gündəmə gəldi. Emin bəyin adını hər eşitdiyimdə Leyla xanım ağlıma gəlirdi. Bu günləri görsəydi nə qədər bəxtiyar olacağını düşünürdüm. Rəsmi mənbələrdə cümhuriyyətin yıxılmasından sonra Rəsulzadənin Moskvaya gedişindən söz edilir. Moskvada Rəsulzadəyə qalmağa ev verirlər, Şərq Dilləri İnstitutunda fars və rus dillərindən dərs demək üçün şərait yaradırlar. Moskvada keçən 2 il ərzində Stalin, Sultan Qaliyev, Ənvər Paşa kimi şəxslərlə görüşləri olur. 1922-ci ildə Bakıda gizli Müsavat Partiyasının fəaliyyətinin üzə çıxması xəbəri gələndə qaçmağa qərar verir. Araşdırma aparmaq bəhanəsiylə Leninqrada gəlir, buradan bir qayıqla Finlandiyaya qaçır.
Leyla xanım mənə Rəsulzadənin qaçışı ilə bağlı bir hekayə anlatmışdı. Onun anlatdıqlarına görə Rəsulzadənin mədəsində yara varmış. Moskvada göz altındaykən xəstələnibmiş. Stalin bu xəstəlikdən əndişələnib. Rəsulzadə öldüyü təqdirdə bunun təbii bir ölüm olduğuna kimsəni inandıra bilməyəcəyindən və Azərbaycanda baş verə biləcək bir üsyandan qorxurmuş. Rəsulzadə Finlandiyada bir xəstəxanaya yatırılır. Burda Rəsulzadə ingilis agentləri ilə münasibət qurur. Ona xaricdə sürdürə biləcəyi müstəqillik mücadiləsini dəstəkləməyi və qaçmağı təklif edirlər. Və bunun qarşılığında müstəqillikdən sonra Bakı neftinin istismarında imtiyaz istəyirlər. Rəsulzadə bu bazarlıqdan çox rahatsız olmasına rəğmən şərtləri qəbul edir, bir gecə qayıqla xəstəxanadan qaçırılır.
Emin bəyin xatirələri ilə Leyla xanımın anlatdıqlarının niyə belə fərqli olduğunu bilmirəm. Hərçənd Rəsulzadə anılarında Tehranda "İrani-Nev" qəzetəsinin redaktorluğunu edərkən ingilis səfirliyinin əsgəri attaşesi Stoksla tanış olmalarını və Rusiyanın əbədi müxalifi olan bu şəxsin Birinci Dünya Müharibəsində Azərbaycandakı ingilis qüvvətləri komandanının siyasi müşaviri olduğunu və o dönəmlərdə görüşdüklərini də deyir. Stalinin bu adama nifrət etdiyindən də söz edir. Amma Sovetlərdən qaçışını anladarkən ingilislərdən bəhs etmir. Başqa tərəfdən Leyla xanım bu söhbətləri mənə danışdığında yaşlı bir qadın idi. Ona anladılanları yanlış xatırlamış ola bilər. Anlatdıqları (daha sonra söz edəcəm) Pilsudskinin "Rusiyadan qaçış" hekayəsinə də bir az bənzəyir.
Rəsulzadə Türkiyəyə gəlib Azərbaycanın müstəqilliyi üçün siyasi çalışmalara başlayır. "Yeni Qafqasiya", "Azəri türkü", "Odlu yurd", "Bildiriş" jurnalları onun yönətimində dərc olunur. Azərbaycan və Qafqaz haqqında biri fransızca, biri də rusca kitablar yazır. Bu çalışmalar Sovetlər Birliyini rahatsız edir. Stalinin tələbi üzərinə o zaman ruslarla yaxın olan Atatürk Rəsulzadədən xaricə getməsini istəyir. Onunla eyni taleyi paylaşan tatar lider Ayaz İshaki ilə birlikdə Türkiyəni tərk edib Polşaya gedirlər. Rastlaşdığım qaynaqlarda bu köçün tarixi dəqiq deyil. 1927 ilə 31-ci illər arasında dəyişir.
Leyla xanımın anlatdıqları burda da bəzi fərqli mənzərələr doğurur. Leyla xanıma görə, Emin bəy İngiltərədə bir dərnək qurub siyasi çalışmalarını sürdürür. Fəqət, ingilislərin nəzarətində çalışmaqdan məmnun deyil. Fransaya gedir və Parisdə "Journal Prometheus" adlı bir jurnal çap eləməyə başlayır. Daha sonra Polşaya gedir. Rəsulzadənin nədən Polşaya getdiyi Parisdə çıxartdığı jurnalın adından da anlaşılır. O illərdə Polşanın lideri olan marşal Pilsudski Rusiya və Sovetlər Birliyi sərhədlərində yaşayan, amma rus olmayan xalqların işbirliyini qura biləcək "Promethean" proyektinin həyata keçməsi üçün çalışmaqdaydı.
Hekayəmiz Pilsudski haqqında qısa bir bilgi verməsini gərəkdirir. Polşanın müstəqillik savaşının lideri və prezidenti Yozef Pilsudski 1867-ci ildə Rusiyaya bağlı torpaqlarda zadəgan bir ailədə doğulub. Polyak dilində danışmağın yasaqlandığı qatı bir ruslaşdırma proqramının həyata keçirildiyi bir vaxtda müstəqillik tərəfdarı olan milliyyətçi bir ailədən gələn Pilsudski Rusiyada Narodovulçularla bağlı bir təşkilatın üzvü olur və siyasi səbəblərlə universitetdən qovulur. 19 yaşında çar III Aleksandra qarşı uğursuz bir sui-qəsd səbəbi ilə tutulur və Sibirə 5 il sürgün edilir. Tutuqlanma səbəbi də maraqlıdır. Sonradan ünlü bir antropoloq olan böyük qardaşı Bronislav Pilsudski Leninin böyük qardaşı Aleksandr Ulyanovla yaxın dost olublar və sui-qəsdi də birlikdə planlayıblar. Yozef Pilsudski sürgündən sonra Polşa Sosialist Partiyasına üzv olur. Və qeyri-leqal "Rabotnik" jurnalını çap edir. Partiyanın başqanlığına seçildikdən sonra sosialist və milliyyətçi fikirləri daşıyan bir istiqamət götürür. 1900-cu ildə yenidən tutulanda ruh sağlığının pozulduğunu bəhanə gətirərək bir xəstəxanaya yatır və burdan xaricə qaçır. 1904-cü ildə "Bojovki" adlı bir dəstə yaradır, bombalamalar, soyğunlar, sui-qəsdlər edərək silahlı mücadiləyə başlayır. Eyni il rus olmayan bütün xalqların müstəqilliyini və təşkilatlanmasını hədəfləyən "Promethean" layihəsini hazırlayır. Bu layihə çalışmaları İkinci Dünya Müharibəsinə qədər davam edir. Pilsudski 12 minə çatan ordusuyla ruslara qarşı savaşır və 1918-ci ildə qurulmuş müstəqil Polşa Cümhuriyyətinin ilk dövlət başqanı olur. 1921-ci ildə Konstitusiyanın qəbul olunması ilə hakimiyyətini itirir, amma 1926-cı ildə hərbi çevrilişlə yönətimi ələ keçirə bilir. 1935-ci ildə, yəni ölənə qədər Polşanı diktator rejimi ilə idarə edir.
Pilsudski Promethean hərəkatı çərçivəsində imperiyanın rus olmayan bütün xalqlarının liderləri ilə münasibət qura bilmişdi. Azərilər də bu xalqların arasında idi. 1926-cı ildə Pilsudskinin yenidən iqtidara gəlməsi ilə layihə yenidən gündəmə gəlir. Rəsulzadənin 1927-ci ildə Polşaya köçməsi ancaq bununla bağlı ola bilər. Rəsulzadənin yazı yazdığı "Prometheus" adlı aylıq jurnal həmin bu hərəkat tərəfindən Parisdə yayılmaqdaydı. Pilsudski ilə Rəsulzadənin Varşavada görüşdükləri də məlumdu.
Leyla xanımın marşal Pilsudskinin qardaşı qızı olduğunu bir azəri vebsaytından öyrəndim. Daha sonra Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin babasının həyatına dair yazdığı yazıda Varşavada Pilsudskinin qardaşı qızı Vandaya aşiq olduğunu və birlikdə yaşadıqlarını yazdığını gördüm. İnternetdə Rəsulzadənin həyatı ilə bağlı məlumat verən çox saydı veb saytlar var. Amma nədənsə heç biri Leyla xanımdan söz etmirlər. Yalnız birində belə bir ifadəylə rastlaşdım: "Məmməd Əmin Polşada Pilsudskinin qardaşı qızı ilə yaşadı". Halbuki Vanda ölənə qədər onunla birlikdə yaşayan xanımı idi. Azərilərin Vandanın varlığının bilinməsini çox da istəmədikləri anlaşılır. Bunun səbəbi azəri millətçilərinin babası Rəsulzadənin bir polyak qadınla evli olmasımı, yoxsa ona dinini dəyişməsi üçün basqı etməməsimi və ölənə qədər xristian qalmasına izn verməsimi, bilmirəm.
(Ardı var)
BÜLƏNT DANIŞOĞLU
Ədalət.- 2010.- 17 aprel.- S. 5.
______________________________________________________________________________________________________________________________________________________
Vanda-R kimdir?
Birinci yazı
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığı haqqında sevimli müəllimim Şirməmməd Hüseynov kifayət qədər təhqiqat işləri aparıb və əsərlər çap eləyib. Eyni zamanda, Rəsulzadənin irsinin gələcək nəsillərə çatdırılması üçün Cümhuriyyət qurucusunun əsərlərinin də çapını öz vəsaiti hesabına gerçəkləşdirib. Rəsulzadəylə bağlı tədqiqatçı alim Həsiman Yaqublunun da dəyərli əsərləri və məqalələri var.
Sözügedən əsərləri əldə edə bilməyən hər kəs internet vasitəsilə Rəsulzadə ilə bağlı bütün məlumatları ala bilərlər. Bu gün dəyərli oxucularımıza Rəsulzadənin mühacirət dövrü zamanı yaşadıqlarından və ikinci evliliyindən söz açacağıq. Və öncədən qeyd edək ki, Cümhuriyyət qurucusunun ikinci xanımı Polyak əsilli Vanda Rəsulzadə haqqında da internettdə lazımı qədər bilgi var, ancaq biz Şəhla Kazımovanın yazdıqlarından istifadə etməyə üstünlük verdik.
Azərbaycanın bolşevik işğalından öncəki və sonrakı istiqlal savaşını əks etdirən materiallar Şimali Qafqaz mühacirətinin mətbu orqanları «Gorcy Kavkaza» («Qorsı Kavkaza», 1929-1934), «Severnıy Kavkaz» («Severnıy Kavkaz», 1934), «Vschod» («Şərq», 1930-1938), Prometey cəmiyyətinin eyni adlı məcmuəsində və iki dünya müharibəsi arasındakı dövrdə çap olunan digər jurnallarda və müxtəlif arxiv sənədlərində öz əksini tapıb. Lakin bütün bu sənədlərin arasında Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövründəki fəaliyyəti, polyak əsilli Vanda xanımla ailə qurması, bu cütlüyün həyatın ağır sınaqlarından ləyaqətlə çıxması, Vanda xanımın Ankaradan Londona yazdığı məktubları xüsusilə diqqət çəkir. Rəsulzadə Vandaya «Leyla» deyə müraciət edərmiş. Lakin Vanda xanım yazdığı məktubları «Vanda R» (Vanda Rəsulzadə — red.) olaraq imzalayırdı. Bu məktublar nəinki Azərbaycan mühacirət tarixi üçün böyük əhəmiyyət daşıyır, həm də vətən ağrısı çəkən tənha qadının həyat hekayəsini uzun illərdən sonra bizə çatdırır.
Prometey klubu
Vanda Rəsulzadənin məktubları barədə söz açmamışdan öncə Məhəmməd Əmin Rəsulzadənin Polşaya gəlişini və buradakı fəaliyyətini qısa şəkildə xatırlatmaq yerinə düşərdi.
Məhəmməd Əmin Rəsulzadənin Polşaya dəqiq nə zaman gəldiyinə cavab vermək çətindir. Varşavaya o, türk jurnalisti adı ilə gəlmişdi. Qeyd edək ki, Polşa Sovet İttifaqı ilə təcavüz etməmək barəsində saziş imzalamışdı. Polşa dövləti anti-sovet mühacirəti ilə əməkdaşlığı Xarici İşlər Nazirliyində demək olar ki, tamamilə kəşfiyyatın sahəsinə keçirmişdi. Rəsulzadə Varşavada türk jurnalisti adı ilə yerləşdirilmişdi.
Məhəmməd Əmin Rəsulzadə Polşada Prometey klubunun görüşlərində iştirak edir, Şərq İnstitutunda mühazirələr oxuyur, fəal publisistik iş aparırdı. Azərbaycanın istiqlaliyyət döyüşündə qələmi ilə dayanmadan savaş aparırdı. 1938-ci ildə yazdığı «Azərbaycan istiqlaliyyət döyüşündə» kitabında Polyak oxucularına ölkəsini tanıtdırır, dövlətinin çəkdiyi əzablara Qərb aləminin diqqətini yönəldib kommunistləri ifşa edirdi.
1939-cu ildə almanlar Polşaya təcavüz edərək II Dünya müharibəsinə başladılar. Rəsulzadə Varşavanı tərk etmək məcburiyyətində qalır. Rəsulzadə və digər görkəmli prometeyçilər zənnimizcə, məhz polyak məxvi orqanlarının köməyi ilə Varşavanı tərk etdilər. 1942-ci ilin son aylarında Məhəmməd Əmin bəy Berlində alman rəhbərliyi və Şərq Nazirliyi ilə danışıqlarda müharibə bitdikdən sonra Azərbaycanın müstəqilliyini, onun tanınmasını əməkdaşlıq üçün əsas şərt olaraq ortaya qoymuşdu. Lakin Hitlerin Azərbaycanın müstəqilliyini tanımayacağını başa düşdükdə Berlini tərk edib Buxarestə geri dönmüşdü.
Rəsulzadə Moskvaya təhvil verilmir
1944-cü ildə Sovet ordusu artıq cəbhəni yarıb qərb istiqamətində irəliləyirdi. Rumıniyaya yaxınlaşdıqlarını gördükdə Rəsulzadə müharibədə neytrallığını saxlayan İsveçrəyə keçmək istəyir. Lakin İsveçrə sərhəd qoşunları sərhədi keçməyə izn vermirlər. Bu arada amerikanlılar yaxınlaşır və vəziyyətin dəyişəcəyinə güman edib hələ də gözləyən Rəsulzadə onların əlinə keçir. Qeyd etməliyik ki, müttəfiqlər anti-sovet mühacirlərini ələ keçirdikdə, onları Moskvaya təhvil verirdilər. Rəsulzadəni də bu tale gözləyirdi. Lakin onu buraxırlar. Məhəmməd Əmin Rəsulzadəni xilas edən onun həyat yoldaşı, polyak Vanda xanımın göz yaşları oldu. Axıra qədər həyat yoldaşına sadiq qalan, onu böyük məhəbbətlə sevən Vanda xanım 1947-ci ildə onunla birgə Türkiyəyə gəlir və ömrünün sonuna kimi burada yaşayır. Neçə illər sonra onun Ankaradakı qonşusu Bülent Danışoğlu xatirələrini «Poloniyalı azeri gelini Vanda Resulzade» adlı məqaləsində yazıb.
Onu «madam» deyə çağırıblar
Məqalənin bəzi maraqlı hissələrini təqdim edirik:
«Leyla xanımı 1970-ci illərdə tanıdım. Kızılırmaq Sokakda indiki Ankapol Sinemasının yerləşdiyi yerdəki binanın son mərtəbəsində qalırdı. Küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla getdiyini görürdüm. Zəif, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadın idi. Küçədəki dükan sahibləri ona «madam» deyərək müraciət edərdilər. Görünüşündən türk olmadığı bəlli idi. Sonra bir gün anam onu evimizə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Özü də bir vaxtdan sonra adının Vandadan Leylaya dönməsinin tarixçəsini danışdı. Sevgili yoldaşı ona Leyli və Məcnun hekayəsini danışıb və adının Leyla olmasını istəyib».
Ankarada yaşayarkən universitetin coğrafiya fakültəsinin rus dili və ədəbiyyatı bölümündə dərs vermək təklifi alıb və mövcud işindən daha artıq maaş təklif olunduğu halda, dərhal rədd edib (Vanda xanım Polşanın Rusiya tərəfindən işğal olunmuş hissəsində doğulub boya-başa çatıb və məktəbə gedib. Üsyançı polyakları ruhən sındırıb tabe etmək üçün rus çar administrasiyası məktəbdə və bəzi ictimai yerlərdə polyak dilini qadağan ediblər. Bu səbəbdən Vanda rus dilini mükəmməl bilsə belə, bu dilə nifrət edib — red.). Lakin rus dilinə düşmənçilıyı ruslara düşmənçilik demək deyildi, həyatının son günlərində bir rus qadınla dostluq edir.
Leyla xanımın savadlı və bacarıqlı olduğu bəlli idi. Varşavada fransız filologiyası fakültəsinin məzunu olub. Tələbəlik illərində öz dediyinə görə «inqilabçı» imiş. Şirin-şirin gülərək «hamımız inqilabçı idik» — deyərdi. Bir gün Leyla xanımla küçədə rastlaşdıq. Əynimdəki kürkə işarə edərək «biz də mujik kaskası taxardıq» — dedi. Mujik kaskası taxmaqla bərabər ailəsinin ona rahat həyat verdiyi bəlli idi.
Vanda xanım marşal Pilsudskinin qardaşı qızıdır?
Məhəmməd Əmin irsini araşdıran bəzi Azərbaycan tədqiqatçıları Vanda xanımın marşal Pilsudskinin qardaşı qızı olduğunu iddia edir (N.Yaqublu, Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə, Bakı 2001, s. 97). Əfsuslar olsun ki, belə bir qənaətə hansı mənbə əsasında gəldikləri qeyd olunmur. Bu məlumat marşalın ailəsi tərəfindən təsdiq olunmur (marşal Yuzef Pilsudskinin nəvəsinin həyat yoldaşı ilə yazışma müəllifin şəxsi arxivindədir). Bülənt Danışoğlu da bu məqama toxunaraq yazır: «Leyla xanımın mənə Pilsudski haqqında danışdığını xatırlamıram. Bəlkə də danışmışdı, amma mən o illərdə Pilsudskini tanımadığım üçün anlamamışdım».
Lakin zənnimizcə, Vanda xanım Pilsudskini nəinki yaxın, hətta uzaq qohumu olsaydı, bu fakt onu tanıyanların diqqətindən yayınmazdı. Marşal Juzef Pilsudski Polşa dövlətçiliyi ilə eyniləşdirilən tarixi şəxsiyyətdir, polyaklar onu dövlət atributları ilə bərabər tutur. Demək olar ki, Pilsudski Polşanın «Atatürküdür», bu baxımdan onun ailəsindən olmaq və qürur hissi ilə bunu hər addımbaşı qabartmamaq bizə inanılmaz gəlir.
Vanda xanım Bülənt bəyə Varşavanı necə tərk etdikləri haqqında danışıb. Maraqlıdır ki, bu hadisələrə Vanda xanımın məktublarında da rast gəlirik. Görünür müharibə illərində yaşadığı dəhşətli anlar ömrünün sonuna qədər ona rahatlıq vermirdi.
«1939-cu ildə Almaniyanın Polşanı işğal etməsi ilə əlaqədar rahatlıqları pozulur (Rəsulzadə ailəsinin-red.). Leyla xanımın ailəsi bu dəfə alman işğalçılarına qarşı aparılan müstəqillik mücadiləsinə qatılmışdı. Vərəqələrin hazırlanması və toplanması üçün ən uyğun yer onların evləri seçilir. Çünki Rəsulzadə Varşavaya türk jurnalisti simasında gəlmişdi və onun evində axtarış keçirilməsi ehtimalı polyaklara baxanda çox az idi. Leyla xanımın bacısının həyat yoldaşı Polşa ordusunun zabitlərindən idi və işğal ordusuna sabotajlar təşkil edirdi. Bir gün gestapo evinə basqın edib ailəsinin gözləri qarşısında onu öldürürlər. Bu hadisədən sonra Polşadan qaçmaq məcburiyyəti qarşısında qalırlar.
Polşadan qaçdıqdan sonra Ruminyada məskunlaşırlar. Ruminyada uzun müddət qala bilmirlər. Sovet ordusunun Ruminyaya yaxınlaşması səbəbindən Yuqoslaviyaya, oradan da Macarıstana qaçırlar. Həm sovet, həm də alman ordularından qaçmağa çalışan ailənin sığına biləcəyi tək yer İsveçrə idi. Lakinİsveçrə ordusu müharibəyə qatılmaq istəmədiyindən sərhədləri bağlamış, heç bir qaçqını qəbul etmirdi. Çoxsaylı bir qrupla birlikdə üç aya qədər dağlarda yaşayırlar. Gözləyənlərin sayı günü-gündən azalır, amma onlar gedəcək başqa bir yerləri olmadığından qalırlar. Leyla xanım hər gün təkbaşına bir təpəyə çıxıbmüttəfiq əsgərlərini gözləyirdi. Bir qrup əsgərlərin gəlişini görən və həyəcanla qaçıb başqalarına xəbər verən o idi.
Aysel
Xalq Cəbhəsi.- 2013.- 21 fevral.- S.10.
0 коммент.:
Отправить комментарий