16 октября 2017 г.

«TÜRK OLMAQ» NƏDİR?



«Türk olmaq» nədir, bilmək üçün çalışırdım, uzun düşünürdüm, ta ki, mənim düşüncələrim öz iradəmə qarşı kəsilməmişdi. Tarix - belə idi onun adı, bir gecə mənə gəldi:

- Yetər! Mən sənin sualına cavab verəcəyəm, səndən yalnız bir şey istəyirəm: indi gördüyün nə varsa yaz və öz soydaşlarına çatdır. Onlar heç vaxt mənim hekayələrimdən dərs çıxartmırlar amma kim bilir... Ola bilər haçansa o gün də gələcək.

Mən itaət etdim və o öz hekayəsinə başladı. Daha doğrusu, o susdu və daha heç nə demədi. Amma onun əvəzinə ötmüş illərin qəhrəmanları yeraltı dərinliklərindən çıxdılar, canlandılar. Nə qədər adam var idi burada! Sanki tamaşa idi, mənsə yeganə izləyici.

- Yağıdan sayca qat-qat az olaraq, dönə-dönə onu məğlub etmək. Sonra onu qara torpağa oradan yıxmaq üçün, dünyadakı ən əzəmətli, ən böyük divarın tikintisini gözləmək.

Ulu Modun Şanyu (Mətə Xaqan), səni tanımaya bilərdimmi? Axı biz səni Oğuz Xan deyə çağırırıq. Mən keçmişdən qəhrəmanı salamlamaq istəyirdim ki, o harasa məndən yuxarı baxaraq davam etdi:

- Öz canımdan - qanımdan olan doğma ata tərəfindən əsirliyə verilmək və sonra (bu anda o ara verdi, dayandı xeyli)... Sonra əsirlikdən qaçmaq, öz əllərinlə atanı öldürmək.

- Romanı diz çökdürmək üçün, saysız hesabsız qəbilələri öz ətrafında birləşdirmək! Bu sözləri necə də açıq qürurla söylədi Attila. Oxuduğum səhifələri xatırladım və xəyallara daldım, ancaq o məni reallığa geri qaytardı:

- Yağılardan yalnız dəlicəsinə vurulduğun gənc xatunu özün üçün götürmək. Gecələrin birində onun tərəfindən zəhərlənmək, sanki bu cənnət içkisi idi, zəhəri əllərindən bu cür içmək.

- İllərlə Altayda vadidə yaşayaraq bir gün yağını məğlub etmək, vulkan tək püskürüb ucqar batı torpaqlarını ordularla basmaq. Türk millətindən ötrü gecələr yatmamaq, gündüzlər işsiz durmamaq – doğrudur, bu Bilgə Xaqan idi. Amma o yalnız deyildi.

- Öz irqi üçün dəyərli vəsiyyətlərini daşa həkk etmək – əlavə etdi Tonyukuk.

- İndiki pis günləri görüb atalarının şanı ilə ruhlanmaq, onların qüdrətini geri qaytarmağa görə – bitirdi Kültigin.

- Öz irqi üçün torpaqlar fəth etmək, farsların və yunanların hegemonluğunu sonlandırmaq, amma eyni çağda keçmiş yurdunda inanc ucbatından onlarla qandaşlarına qıymaq – dedi Səlcuq bəy.

- Dərbənddən İranın ən güney sərhədlərinə qədər yiyələnmək, Çuxur-Səddin və Diyarbəkirin torpaqlarına sahib olmaq – Qaraqoyunlular və Ağqoyunlular hökmdarları cavab verdilər. Amma ardınca bir-birinə baxdılar və bir müddət heykəl kimi ayaq üstə hərəkətsiz qaldılar, mənə baxmadan davam etdilər:

-İnancda fərqə görə qandaşının üzərinə savaşla getmək – türklərin xüsusiyyətidir.

- «Türk olmaq» – cəmi 37 il yaşayıb yeni sülalənin əsasını qoymaq, yeni dövlətin dayaqlarını qurmaqdır, türk poeziyasının klassiki və döyüşçülərinin sənin arxanca ölümə qədər gedəcək sərkərdə olmaqdır - Şah İsmayılın sırası idi. Bu sözləri deyəndən sonra qeyri-adi gözəl bir xatın onun yanında canlandı. Ona zərifliklə baxıb davam etdi:

- Döyüş meydanında öz xatunundan ayrılmaq, yaşamın qalan hissəsini düşmənlərin onu əsir götürdüyünə görə qəm, ağrı çəkmək – bu da «türk olmaq» deməkdir.

Qorxunc uğultu ətrafdakı dincliyi pozdu. Acıqlı qaşlar altından kömür kimi qara gözlər baxırdı mənə:

- Təkəbbürlü əfqanları ölkədən qovmaq, Muğan Çölündə qurultayı toplamaq və yeni Şah seçilmək, Əfşar boyu sancağını ucaltmaq, Hindistan üzərinə savaşla getmək – bax bu «türk olmaq» deməkdir!

O, bu sözləri elə dedi ki, mən sonrakı danlağı belə axmaq sualı verməyə cürət etmiş kimi istər-istəməz özümə gözləyirdim. Ancaq bu yad adam (sonradan tanıdım Nadir Şah Əfşar imiş) nəsə xoşagəlməz şeyi xatırladı, birdən anladım ki, görünən gücünə baxmayaraq, necə qocalıb və zəifləyib:

- Öz millətinin bir hissəsini ucqar Əfqanıstana köçürmək, onları yadların içində yalnız buraxmaq, atalarının dilini itirməyə məhkum etmək – eynilə «türk olmaq» deməkdir.

Mənim sonraki qonaqlarım hamısı birlikdə ortaya çıxırdılar, həm də görünürdü ki, onlardan bəziləri şən, bəziləri isə - ciddidir və özü də mənim kimi dərin düşüncə ilə yüklüdürlər.

- Hakimiyyəti türklərin əllərində saxlamaq, ruslarla xain əməkdaşlığa görə Tiflisi atəşə tutmaq, eyni səbəbə görə qoşunla Şuşaya getmək - Şah Ağa Məhəmməd çıxış etdi.

- Əllərdə silahla doğma şəhərin divarlarında onu ruslardan müdafiə edərək həlak olmaq - Cavad-xan qürurla dedi. Mən onu necə təsəvvür edirdim, elə görünürdü.

- Doğma torpağın bir hissəsini itirmək, bütün öz həyatın boyu özünü başıbəlalı müqavilədə bir tək imzaya görə danlamaq - Şahzadə Abbas Mirzə daha açıq sözlü idi.

İstəyirdim ki soruşum, nə müqaviləsi, amma yenə sözümü kəsdilər. İndi yeni vaxtları, yeni ümidləri, yeni istəkləri görürdüm. Burada bir çox müxtəlif maarifçilər, mədəniyyət və incəsənət adamlarıı, öz milləti naminə böyük vəsaitlər fəda etmiş mesenatlar. Onlar məktəblər açırdılar, onlarla və yüzlərlə mühüm mövzulara məqalələr yazırdılar, bütün səylərlə öz soydaşlarını oyatmağa çalışırdılar. Və burada tam başqa insanlar var idilər, onlar hətta bu əcaib, valehedici insanların arasında da fərqlənirdilər. Mən onların diqqətli baxışlarına nəzər yetirmişdim ki, biri arxadan mənə səsləndi:

- Oğul, «türk olmaq» - bir ömür millətin üçün yaşamaq deməkdir. Bu qutsal yolda ailə üzvlərini qurban vermək, yurdunla ayrılığa dözmək, bir daha enməmək üzrə bayraq yüksəltmək - «türk olmaq» deməkdir.

Bu yaşlı insan mənə elə gülümsəyirdi ki, onunla aramızda qəribə bağ hiss edirdim, düşüncədə və əqidədə tamlıq. Onu tanıdım və qarşısına doğru addımladım amma o baxışlarını aşağı salıb artıq qısıq səslə davam etdi:

- Varını-yoxunu bu qutsal yolda itirməsən sonra da səni yad ölkədə dəfn etsinlər - «türk olmaq» deməkdir. Satqınlıqlar görmək, qınaqlara, danlamalara dözmək, eynilə «türk olmaq» deməkdir.

Müxtəlif insanlar, müxtəlif çağlar, peşələr, vəzifələr canlanırdı gözümün önündə. Burada şairlər, mütəfəkkirlər, alimlər və çalğıçılar, sərkərdələr və saysız - hesabsız dilsizlər (onları belə adlandırırdılar), hansılar ki, dediklərinə görə, öz qanlarına görə qisas almağı gözləyirlər. Mənim sevimli şairim də burada idi, bir kərə: «Susmaram» demiş. O öz andına sadiq qaldı… Lakin son nöqtəni nə insan, nə də ki Tanrı qoydu. Onu çay qoydu. Onun adı Araz idi.

- Sən keçmişlə fərəhlənə bilərsən ancaq mən səni böldüm. Bir hissən burada yaşayır, digər hissən (yox, bədənin yox, amma düşüncələrin, ümidlərin) - orada, o tayda. Qoçaq Qacar əsilli gənc - Şahzadə Abbas Mirzə müqavilədən bəhs edirdi. O, Türkmənçayda imzalanmış kağız parçasını nəzərdə tuturdu, Tanrı tərəfindən unudulmuş kəndi. Axmaq, sən məgər görmürsən necə acınacaqlı vəziyyətdəsən? Mən oğulu anadan, qızı atadan, sevən ürəkləri uzaqlaşdırdım və tayfa üzvlərini biri - birinə yad etdim. Onların dili, soykökü eynidir, ancaq gözlərinə pərdə çəkilib. Bu tayda qardaşlarını, bacılarını öldürürlər, eyni vaxtda o tayda onlar əyləncəyə qapılırlar. Sən öyrənmək istəyirdin «Türk olmaq» nədir? Al sənə cavab, yadında saxla: «Türk olmaq» - parçalanmış olmaqdır. «Türk olmaq» qardaş-bacıların zülm çəkdiyi vaxt, xoşbəxt yaşamaqdır. «Türk olmaq» - yüzdə iyirmi torpaq itirmək yox (bu sizlər üçün təsəlli olardı), hər şeyi itirib, lakin arxanda miskin bir parça torpaq saxlamaq - bil «türk olmaq» nədir!

Araz getdi, insanlar dağıldı. Hamı çəkildi. Yalnız qaldım, öncə olduğu kimi. Mən çox yorulmuşdum və yatmaq istəyirdim, fəqət bir cümlə dərin iz etmişdi ağlımda:

«”Türk olmaq” - parçalanmış olmaq deməkdir…»

0 коммент.:

Отправить комментарий